"Həm müdafiədə, həm də hücumda ideal oynamalıyıq"

"Həm müdafiədə, həm də hücumda ideal oynamalıyıq"

"Soçi"nin Moskvadakı turnirdə keçirdiyi oyunları izlədik. Komanda müdafiə və hücumda yaxşı oynayır. Meydana əsasən 3 mərkəz müdafiəçisi ilə çıxırlar".

YAZTV xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Rusiyanın "Soçi" klubuna qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

 41 yaşlı mütəxəssis rəqib barədə məlumatlı olduqlarını bildirib: "Sabah meydana öz oyunumuzu oynamaq üçün çıxacağıq. Əlbəttə, "Soçi" ciddi rəqibdir. Nəticənin necə olacağını zaman göstərəcək".

Qurbanov "Qəbələ"də çalışarkən Rusiya "Krasnodar"ına qarşı Avropa Liqasının qrup mərhələsində keçirdikləri matçları yaxşı xatırladığını söyləyib: "Həmin vaxt Roman Qriqoruçukun məşqçilər korpusunda yer alırdım. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, yaxşı oynamışdıq, qol epizodlarımız var idi. Qalib gələ və ya heç-heçə də edəbilərdik. Evdə isə böyük hesabla uduzmuşduq. Həmin qarşılaşmaların üstündən uzun müddət keçib. Müəyyən təcrübəmiz var. Rusiya çempionatının səviyyəsi yüksəkdir. Amma bizim də öz oyun planımız var".

Baş məşqçi həm müdafiədə, həm də hücumda ideal oynamaq istədiklərini vurğulayıb: "Bunu komanda şəklində etməliyik. Futbolda top buraxırsan, qol vurursan. Yəni, belə hallar çox olur. Hazırda Azərbaycan Premyer Liqasında fasilədir. Avrokuboklar başqa səviyyədir. Burada maksimal konsentrasiya lazımdır. Futbolçulara bu barədə məlumat vermişik".

Onun sözlərinə görə, "Soçi"nin baş məşqçisi Vladimir Fedotov yaxşı komanda qura bilib: "Komandanın sərgilədiyi oyun baş məşqçinin işindən xəbər verir. Yaxşı kollektiv olsa da, "Soçi" də səhv edə bilər. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq".

"Keşlə"nin hər il avrokuboklarda iştirak etdiyini xatırladan Qurbanov bunun yaxşp təcrübə olduğunu deyib: "Amma heyətimizdə bəzi futbolçular var ki, sabah ilk dəfə avrokubok matçında meydana çıxacaqlar. Oyuna yaxşı hazırlaşmışıq. Futbolçular məsuliyyəti dərk edirlər. Təbii ki, sabah meydana hansı oyun üslubu ilə çıxacağımızı deməyəcəyəm. Futbolda hər şey ola bilər. Futbolçulara inanıram. Daha da inkişaf etməliyik. Komandada yaxşı futbolçular var. Favorit olmaya bilərik. Amma insanları təəccübləndirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Mütəxəssis son olaraq hücum mövqeyindəki çatışmazlıqdan danışıb: "Hamımız hücum xəttini düşünürük. Bilirəm ki, mütləq bu mövqeyə bir oyunçu lazımdır. Bundan əlavə müdafiədə problem var. Oranı da yaxşılaşdırmaq istəyirik. Bəzən hər klubda böyük dəyişikliklərə ehtiyac olur. Bu gün biz hər şeyi yenidən qurmaq istəyirik. Komandada xeyli dəyişiklik etmək istəyirəm. 3-4 illik kollektiv qurmaq niyyətindəyik. Çox tələsmək də istəmirik ki, yanılmayaq. Sosial şəbəkələrdən uzağam, amma daim fikirlərlə maraqlanıram. Azarkeşlər də komandanın yaxşı olmasını istəyir. Bu yöndə işlər gedir. İstəyirik ki, transferlər edək. İnanın ki, asan və rahat deyil. Bəzən sonda kiçik elementlər bizə mane olub. Əlimizdəki oyunçuların da sağlamlığını və formasını qoruyub saxlamaq niyyətindəyik".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq. (report az)