Gəncə Uşaq Evinin şəhidi dəfn edilib - FOTO

Gəncə Uşaq Evinin şəhidi dəfn edilib - FOTO

Gəncə Uşaq Evində böyüyüb boya başa çatan, valideyin himayəsindən məhrum olan oğlan və qızları özünə bacı-qardaş bilən, vətənpərvərliyi ilə daim seçilən və həyatını məhz Vətən yolunda qurban verib şəhidlik zirvəsinə ucalan Əmrah Rajapov. O bu gün, böyüyüb boya-başa çatdığı doğma Nizami yurdunda torpağa tapşırıldı.

Müharibə başlayan gündən Əmrah onu körpəlikdən öz himayəsinə götürən ana Vətəni yağı düşmənlərdən qorumaq üçün silaha sarıldı. Döyüşlərdə göstərdiyi şücaətin tək bir amalı var idi. Bu isə nəyin bahasına olursa olsun, onu düşmən taptağından azad etmək idi.

Əmrahı son mənzilə yola salmaq üçün Gəncə şəhərinin rəsmiləri, ziyalıları və böyüdüyü Gəncə Uşaq Evinin sakinləri gəlmişdilər. Əmrah böyük izdihamla qarşılandı bu gün. Bu izdihamda isə gözlər yalnız bir nəfərə dikilmişdir- Gəncə Uşaq Evinin  direktoru Nazilə İsmayılovaya. Hər bir atılan körpəni uşaq evində ana nəvazişilə qarşılayan Nazilə xanım bu gün öz övladı kimi sevdiyi Əmrahı son mənzilə yola salırdı. O, Əmrahdan qalan xatirələri  101.az-a bölüşüb: “Əmrah bizim hamımızın övladı idi. O, uşaq evinin deyərdim ki, aktiv və  sevimli yetirmələrindən idi. Bütün bayramlarımızda, əsas da vətənpərvərlik mövzusuna aid olan tədbirlərdə Əmrah hər zaman seçilərdi. Çox qabiliyyətli uşaq idi, rəsm çəkməyi çox sevərdi. Vətəninə bağlı gənc idi. 18 yaşını böyük səbirsizliklə gözləyirdi ki, həqiqi hərbi xidmətə yola düşsün. Getdi də. Və Vətən qarşısında olan borcunu layiqincə yerinə yetirdi. Onun haqqında keçmiş zamanda danışmaq bizim hamımız üçün çox ağırdır. Əmrah hər zaman bizim qəlbimizdə yaşayacaqdır. Əgər əvvəllər Əmrahın taleyinə kimsəsizlik yazılmışdırsa, bu gün o, bütün xalqımızın ürəyində özünə qızıldan bir taxt qurdu”.

Qeyd edək ki, Əmrah Rajapov 11 dekabr 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirən Əmrah, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib.

Orta məktəbdən məzun olduqdan sonra ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Adının itkin siyahasında  olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizasının hələ də davam etməsi ilə bağlı olduğu bildirilirdi. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikirdi.

Allah rəhmət eləsin!