Yanvarın 22-də Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşıb.

Yanvarın 22-də Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşıb.
Yanvarın 22-də Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşıb.
 
Onlayn iclasda Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev öncə Vətən müharibəsində qazanılmış qələbə münasibətilə deputatları bir daha təbrik edib. Vurğulayıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı, uzun illər işğal altında olan ərazilərimiz azad edildi. Uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsi olan bu qələbənin memarı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Mərhəmətli olduğu qədər də xalqımızın düşmənə zərbə vuracaq dəmir yumruğu var.
 
YAZTV xəbər verir ki, Vitse-spiker qeyd edib ki, 44 günlük Vətən müharibəsində Milli Məclis misli görünməmiş çətin dövrdə Sahibə xanım Qafarovanın rəhbərliyi ilə çox böyük işlər gördü, bütün millət vəkilləri birlik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və bütün sahələrdə, mətbuatda, telekanallarda Azərbaycanın haqq sözünü dünya birliyinə və ictimaiyyətə çatdırdı.
 
Sonra Adil Əliyev yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib, qanunvericilik fəaliyyətində parlamentə uğurlar arzulayıb.
Gündəlikdəki birinci məsələ – 2020-ci ilin payız sessiyası ərzində komitədə görülmüş işlər barədə hesabat rəngli şəkillərlə müşayiət olunan jurnal şəklində tərtib edilərək deputatlara təqdim olunmuşdu. Vitse-spiker bildirib ki, Milli Məclis bütövlükdə 2020-ci ili uğurla başa vurub. Hesabat dövründə Gənclər və idman komitəsində 7 iclas keçirilib, 9 məsələyə baxılıb, müzakirə olunan qanun layihələri plenar iclasa tövsiyə olunub.
Payız sessiyasında Gənclər və idman komitəsinə vətəndaşlardan, idarə və təşkilatlardan 201 məktub, müraciət və sənəd daxil olub, aidiyyəti üzrə baxılması üçün komitə tərəfindən müxtəlif qurumlara 92 məktub göndərilib.
 
Sessiya müddətində 1545 nəfərin elektron müraciəti qeydə alınıb ki, bunlardan 1248 müraciət Facebook və digər sosial şəbəkələr, 174 müraciət isə Whatsapp mobil tətbiqi vasitəsilə daxil olub. 1512 məsələ öz həllini tapıb. Komitəyə daxil olan 216 şifahi müraciətin də 162-si həll olunub.
Bildirilib ki, komitə üzvləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirak ediblər, seçicilərin qayğılarına həssaslıq göstəriblər. Ötən ilin ikinci yarısında vitse-spiker, komitə sədri Adil Əliyev tərəfindən qəbul günlərində və fərdi qaydada olmaqla 635 vətəndaş qəbul edilib ki, onlardan 472 nəfəri Nərimanov rayonundakı seçicilər, 130-u digər rayon və şəhərlərdən gələnlər olub. Qəbullarda səslənən müraciətlər üzrə müvafiq tədbirlər görülüb. Vətəndaş müraciətləri əsasən iş və məşğulluq, sağlamlıq, məişət problemləri, abadlıq işləri, kredit, sosial təqaüdlər və s. ilə bağlı olub.
 
İclasda qeyd olunub ki, hesabat dövründə komitədə çoxsaylı tədbirlər keçirilib. Xüsusilə, Ermənistanın Azərbaycana növbəti təxribatçı hücumu nəticəsində başlanan əks-hücum əməliyyatı zamanı, Vətən müharibəsi günlərində Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın Ermənistanın təcavüzü ilə bağlı vahid bəyanatı Parlamentlərarası İttifaqa təqdim edilib; işğal olunmuş ərazilərdəki məscidlərimizdə ermənilərin yaratdığı təhqiramiz vəziyyəti əks etdirən foto və videomateriallar göndərilib; İran, Moldova, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri ilə görüşlər, həmçinin ölkə daxilində müxtəlif qurumlarla görüşlər keçirilib; 44 günlük müharibə dövründə dünyanın 6 ölkəsində 40-dan çox media qurumunda türk, ingilis, rus, alman və ərəb dillərində məqalələr çap etdirilərək gerçək vəziyyət şərh olunub; Türkiyə KİV-lərinə müsahibələr verilib, Azərbaycan KİV-lərində fəal çıxışlar edilib.
Komitə üzvləri şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıblar. Bu qəbildən olan ailələrlə görüşlər keçirilib, yardımlar olunub. Qazilərlə, ordudakı hərbçilərlə görüşlər onlara böyük mənəvi dəstək verib.
 
Sonra iclasda komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planına baxılıb. Qeyd edilib ki, yuxarı instansiyalardan Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub. İş planında həmçinin ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.
Sonra müzakirələr başlanıb. Onlayn iclasdakı bütün çıxışlarda səslənib ki, vətənpərvər Azərbaycan gəncliyi Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında qələbə çalıb, böyük hünər göstərib.
 
Gündəlikdəki məsələlərə dair rəy və təkliflərini bildirən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlar Müşfiq Cəfərov, Jalə Əhmədova, Könül Nurullayeva, Ülvi Quliyev, Şahin Seyidzadə, Cavid Osmanov, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin payız sessiyasındakı fəaliyyətini yüksək qiymətləndiriblər. Hesabatın dolğun və təqdirəlayiq şəkildə tərtib olunduğu qeyd edilib. Yaz sessiyasına dair iş planının çox əhatəli olduğu və günün aktual məsələlərini əhatə etdiyi vurğulanıb. Yeni çağırışlarla bağlı qanunvericiliyin zənginləşdirilməsi, bir sıra tədbirlərin təşkili, əsasən də gənclərlə bağlı müxtəlif təkliflər səslənib.
 
Geniş müzakirələrin yekununda hesabat məqbul sayılıb. Təkliflər nəzərə alınmaq şərti ilə yaz sessiyasının iş planı təsdiqlənib.
İclasda deputatlar Elnur Allahverdiyev, Etibar Əliyev, Vüqar İskəndərov, Eldəniz Səlimov, Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov da iştirak ediblər.