Gəncədə “Zəfər tarixini yaşadaq” adlı layihə icra olunur

Gəncə şəhərində “Müharibədən Doğan Günəş” Təşəbbüskar Qrupu tərəfindən “Zəfər tarixini yaşadaq” adlı layihə icra olunur. Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Hacı Rauf adına Tədris Mərkəzinin dəstəyi ilə reallaşan layihə şəhərin tam orta məktəblərdə həyata keçirilir.
Layihə çərçivəsində “Müharibədən Doğan Günəş” Təşəbbüskar Qrupunun sədr və üzvləri Gəncə şəhərinin tam orta məktəblərində şagirdlərlə görüşlər təşkil edirlər. Görüşlərdə I Qarabağ savaşı və Vətən müharibəsi iştirakçıları da yer alırlar.
“Müharibədən Doğan Günəş” Təşəbbüskar Qrupunun sədri, Vətən müharibəsi iştirakçısı Mehrab Nərimanlı bildirib ki, layihənin əsas məqsədi 27 sentyabr 2020-ci il tarixində başlayan və Azərbaycan Ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsi haqqında şagirdlərə ətraflı məlumat vermək, Vətən torpaqlarının azadlığı uğrunda cəsarət və mərdliklə vuruşan qazilərimizi və şəhidlərimizi tanıtmaqdır.
Cari ilin oktyabr ayının əvvəlindən icrasına başlanılan “Zəfər tarixini yaşadaq” layihəsi çərçivəsində Gəncə şəhərinin 33 məktəbində şagirdlərlə görüşlər keçirilib. Görüşlərdə iştiark edən şagirdlər “Təşəkkürnamə”lərlə təltif olunublar.