Nurəddin İbrahimov: Nailiyyətlərimizin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

Nurəddin İbrahimov: Nailiyyətlərimizin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, məqsədyönlü siyasət sayəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirir, siyasi- iqtisadi cəhətdən regionda aparıcı gücə çevrilir.

Həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilən Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu günə heç də asanlıqla nail olmayıb. Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas müəllifi isə dahi şəxsiyyət, praqmatik lider, müdrik dövlət xadimi Heydər Əliyevdir.

1990-cı illərin əvvəlində, Azərbaycanın müstəqillik tarixinin ilk illərində dərin böhranın hökm sürdüyü vaxtda ölkəyə rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi, yaranmış tarixi şansdan istifadə edə bilməmələri müstəqilliyini yenicə qazanmış Azərbaycanı addım-addım ağır böhranlı vəziyyətə yaxınlaşdırırdı. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu təhlükəli vəziyyətdən ölkəmizi yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Və belə bir ağır vəziyyətdə, dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qaldığı belə bir çətin dövrdə – 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi və haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyun ayının 15-də Azərbaycan Parlamentinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu.

Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Ən əsası isə xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımız çoxdan arzusunda olduğu əsil müstəqilliyinə qovuşdu. XX əsrin 90-cı illərinin əvvəlindı məhv olmaq təhlükəsi qarşısında qalan dövlətimiz Ulu Öndərin sayəsində AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyinin yaratdığı dərin böhrandan qurtularaq sarsılmaz və əbədi oldu.

Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır.

Bu gün birmənalı olaraq qeyd etməliyik ki, yeniləşən, müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Qürurla deyirik ki, Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi Ulu Öndərimizn layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır.

Nurəddin İbrahimov,

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti Kafedrasının müəllimi , politoloq, siyasi elimlər üzrə fəlsəfə doktoru