Uşaqlar arasında aparılan "tər testi"nin nəticələri açıqlanıb

Uşaqlar arasında aparılan "tər testi"nin nəticələri açıqlanıb

Kistoz fibroz (kistik fibrozis) xəstəliyinin erkən diaqnostikası məqsədilə ötən ilin aprel ayından bu ilin may ayının sonunadək həkim təyinatına uyğun olaraq uşaqlar arasında 282 “tər testi” aparılıb.

YAZTV xəbər verir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan bu müayinəyə, əsasən, erkən yaş dövründə olan uşaqlar cəlb olunub.

“Tər testi”ndə iştirak edənlərin 46-sı 1 yaşa qədər olan körpələr, 123-ü 1-3 yaş arası, 53-ü 3-6 yaş arası, 60-ı isə 6 yaşdan yuxarı olan uşaqlardır.

Müayinələr zamanı 27 nəfərin test nəticəsi müsbət, 49 nəfərinki şübhəli, 206 nəfərin test nəticəsi isə mənfi çıxıb. Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır. Burada onlar qidalanma, fiziki inkişaf və tənəffüs göstəriciləri ilə bağlı həkim tərəfindən mütəmadi kontrol müayinələrə cəlb olunurlar. Hazırda Mərkəzdə kistoz fibroz diaqnozu təsdiqlənmiş 43 uşaq qeydiyyatdadır.

Qeyd edək ki, hazırda “tər testi” TƏBİB-in tabeliyindəki Bakı şəhərində fəaliyyət göstərən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Uşaq Klinik Xəstəxanasında aparılır. Kistoz fibroz - irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur.

Məlumat üçün bildirək ki, kistik fibrozis xəstəliyinin yenidoğulmuşlar arasında erkən diaqnostikası eyni zamanda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunan neonatal müayinələr (skrininq) vasitəsilə də aparılır. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həyata keçirilən bu müayinə yenidoğulmuşlarda kistoz fibrozla yanaşı fenilketonuriya, qalaktozemiya, adrenogenetal sindromu və hipotireoz kimi xəstəliklərin erkən mərhələdə aşkarlanmasını təmin edir.