“Son zəng”lə bağlı xəbərdarlıq edildi

“Son zəng”lə bağlı xəbərdarlıq edildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) iyunun 14-də keçiriləcək “Son zəng” günü ilə bağlı məzunlara və valideynlərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli  bildirib ki, valideynlərin həmin gün avtomobilləri övlalarına həvalə etmə hallarına rast gəlinir:

“Yol polisi olaraq bildirmək istəyirik ki, ötən illərdə "Son zəng" günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin cəmiyyət olaraq şahidi olmuşuq. Çox təəssüf ki, bəzi valideynlər övladlarına avtomobil həvalə edirlər ki, həmin avtomobillərlə də müxtəlif qəzalar, bədbəxt hadisələr baş verə bilər.

Belə hadisələrin olmaması üçün bir daha valideynlərə xəbərdarlıq edirik ki, idarəetmə hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər.

Bu, inzibati xətadır. Belə hallarda bəzən ictimai əsayişin pozulması halları da müşahidə olunur. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinməyi xahiş edirik”.

Araz Əsgərli qeyd edib ki, “Son zəng” tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada polis tərəfindən xidməti fəaliyyət davam etdiriləcək.