Yerli və xarici fotoqraflar Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış olublar

Yerli və xarici fotoqraflar Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış olublar

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun XV qrant müsabiqəsində qalib olduğu  “Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində yerli və xarici fotoqraflar Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olublar.

Gürcüstan, Ukrayna, Fransa, İtaliya, Polşa, Türkiyə və ölkəmizdən olan gənc fotoqraflar   qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri düzüb, şəhid olan dinc sakinlərin xatirəsini ehtiramla yad edib, fotolar çəkiblər.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı erməni silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub və onlardan 6-sı uşaqdır. Atəş nəticəsində 142 nəfər yaralanıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Qeyd edək ki, səfər zamanı çəkilən fotolar Gəncədə təşkil ediləcək sərgidə nümayiş olunacaq. Eyni zamanda, iştirakçılar öz ölkələrində bu sərgiləri təşkil edərək Azərbaycanı təbliğ edəcəklər.