General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib

General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Respublika Veteranlar Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi”nə həsr edilən tədbir keçirilib.

YAZTV-nin məlumatına görə, tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb. Onun təklifi ilə Mustafa Nəsirovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov general Mustafa Nəsirovun xidmətləri haqqında ətraflı məlumat verib. Mustafa Nəsirovun hər zaman nümunəvi xidməti ilə diqqət çəkdiyini vurğulayan Cəlil Xəlilov qeyd edib ki, sovet dönəmində ali hərbi rəhbərlik onun təcrübəsini öyrənməyi bütün SSRİ sərhədçilərinə tövsiyə etmişdir.

Polkovnik bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra onun sərhədlərinin bərpası ən aktual məsələ kimi meydana çıxmış və Mustafa Nəsirov bu problemin həllində də yaxından iştirak etmişdir. Məhz onun səyləri nəticəsində sərhədlərimizin möhkəmləndiyinə diqqət çəkən sədr müavini, Mustafa Nəsirovun xatirəsinin əsrlər sonra da Azərbaycan xalqı tərəfindən yaşadılacağını bildirib.

 

Polkovnik Cəlil Xəlilovun çıxışından sonra Mustafa Nəsirovin 100 illiyinə həsr olunmuş “Sərhəd fədaisi” filmi əsasında hazırlanmış fraqmentlər təqdim olunub.

Daha sonra çıxış edən general-mayor Abbasəli Novruzov, general-mayor Vladimir Vasilyeviç Timoşenko, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanov, general-mayor Akif Şəfiyev Mustafa Nəsirovla bağlı xatirələrini dilə gətirib, onun peşəkar hərbçi kimi xidmətlərindən bəhs edib.

Tədbirdə çıxış edən Mustafa Nəsirovun oğlu, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Elşad Nəsirov tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.