Gəncədə payızlıq gül-çiçək kollarının əkini başlayacaq

Gəncədə payızlıq gül-çiçək kollarının əkini başlayacaq

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən ağacların budanması, quru budaqların kəsilməsi, parklardakı, yol kənarlarındakı dekorativ kol bitkilərinin dizaynı, yeni ağac, kol və gül-çiçəklərin əkilməsi, qazonların biçilməsi və sairə işləri həyata keçirməsi gözə çarpacaq dərəcədə şəhər sakinlərində xoş təəssürat yaradır. Bu işlərlə yanaşı MKTİB-nin Yaşıllaşdırma şöbəsinin daha bir uğurlu nailiyyəti də var. Belə ki, əvvəllər bitkilər xaricdən gətirilirdisə, indi buna ehtiyac yoxdur. Yaşıllaşdırma şöbəsi bu bitkiləri öz təsərrüfatında yetişdirir.

Gəncəçay çayının sahilində, təxminən, 15 hektar sahəni əhatə edən bağçılıq təsərrüfatında xrizantema, geran, kalendula, evelamus, dahlias, hannahs, bənövşələr, Afrika papatyaları, leylandra və başqa çiçəklərin, eləcə də, şam, çinar, sərv, sidr, palıd, cökə, şamşid və s. ağacların əkini və yetişdirilməsi həyata keçirilir.

Hazırda bu bitkilərdən payız və qış mövsümü üçün yarıyanlar xrizantema, kalendula, geran və bir neçə başqa çiçək növləridir ki, onların şəhərə köçürülməsi oktyabr-noyabr aylarına təsadüf edəcək. Bu isə o deməkdir ki, üzümüzə gələn aylarda Gəncəmiz daha da gözəlləşəcəkdir.

Eyni zamanda, şəhərin təmizlik və abadlıq işlərinə də xüsusi diqqət yetirilir. Bu dəfəki abadlıq işləri şəhərin Ş.İ Xətai prospektində, Məshəti qəsəbəsinin ara küçələrində və digər ərazilərdə təşkil olunub. Adı çəkilən ərazilər MKTİB-nin canlı qüvvəsi və texnikası vasitəsilə toplam şəkildə yığılan məişət tullantılarından, kol-alaq otlarından və toz-torpaq yığnağından təmizlənib. Bəzi yerlərdə külək nəticəsində sınan ağac budaqlarının qırıntıları yığılaraq yük maşınları ilə daşınıb.

Nəzərinizə çatdıraq ki, görülən bütün tədbirlərin əsas məqsədi şəhər sakinlərinin rahatlığının təmini üçündür.