“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi Azərbaycanda siyasi münasibətlər sisteminə əvəzsiz töhfə verəcək

“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi Azərbaycanda siyasi münasibətlər sisteminə əvəzsiz töhfə verəcək

“Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçib. Hazırda Azərbaycanın siyasi sistemində və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu nəzərə alaraq, qüvvədə olan qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyildi. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradırdı. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması zəruri idi. Doğrudur, indiyə qədər mövcud qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər kifayət deyildi.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Onu da qeyd etmək yerinə düşər ki, yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Daha bir demokratik xüsusiyyəti də qeyd etmək istərdim ki, siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Eyni zamanda, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Ümumən qeyd etmək yerinə düşər ki, yeni qanun qanunvericilik sisteminə, siyasi təsisatlara yeni baxış və adekvat mənzərədir. Bütün sahələrdə olduğu kimi bu sahədə də görülən işlər tezliklə öz bəhrəsini verəcəkdir. Yeni qanun layihəsi Azərbaycanda siyasi münasibətlər sisteminə əvəzsiz tövfə verəcək, yeni qanun dövlətin siyasi partiyaların inkişafına olan yanaşmasını da, özündə əks etdirdiyi üçün eyni zamanda siyasi mədəniyyətin inkişafını daha da stimullaşdıracaqdır.


Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri