Azərbaycan beynəlxalq aləmin yüksək etimad göstərdiyi ölkələrdəndir

Azərbaycan beynəlxalq aləmin yüksək etimad göstərdiyi ölkələrdəndir

Nurəddin İbrahimov,

YAP Gəncə şəhər təşkilatının sədr müavini

 Azərbaycan bu gün Cənubi Qafqazın lideri, beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi, müstəqil siyasət həyata keçirən dünyaya həmrəylik çağırışı edən dövlət kimi tanınır. Beynəlxalq tədbirlərin, forum və konfransların, sərgilərin keçirildiyi məkana çevrilən ölkəmiz “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Foruma ev sahibliyi etməklə bir daha göstərdi ki, Azərbaycan bəşəriyyəti təhdid edən məsələlərin həlli istiqamətində hər zaman beynəlxalq birliyi həmrəyliyə səsləyir və bu prosesə yüksək töhfə vermək üçün təşəbbüslərlə çıxış edir.

Dünyanın 50-dən artıq ölkəsinin nüfuzlu siyasi xadimlərinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan bəşəriyyətdə artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda müzakirə edilən məsələlər də təsdiq etdi ki, Azərbaycan beynəlxalq aləmin yüksək etimad etdiyi ölkələrdəndir. Prezident cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Qlobal forumun Bakı şəhərində keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana olan etimadının real ifadəsidir. Qürurverici haldır ki, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində siyasi və humanitar dialoqun inkişafına verdiyi töhfələr layiqincə qiymətləndirilir.

Dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformada ölkə başçımız cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə danışarkən bildirib ki, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq.

Prezident cənab İlham Əliyev onu da diqqətə çatdırdı ki, Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından ötən ilyarımdan çox müddət ərzində Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən kommunikasiyaların açılmamasının qəbuledilməzdir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq.

“Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir və Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq” – deyə ölkəmizin Prezidenti cənab İlham Əliyev dünyanın 50-dən artıq dövlətinin 300-dən çox siyasi xadiminin iştirak etdiyi IX Bakı Qlobal Forumda qəti şəkildə bəyan etdi.

Dünya gündəmi ilə bağlı geniş diskussiya və dialoqun aparıldığı, qlobal problemlərin müzakirə edilib, onların həlli yollarının araşdırıldığı Forumda dünyanın tanınmış siyasi xadimləri dövlət başçımızın irəli sürdüyü təkliflərə, beynəlxalq birliyə edilən sülh, həmrəylik çağırışına dəstək nümayiş etdirdilər.

Dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verən, qarşılıqlı siyasi anlaşma üçün əlverişli imkan yaradan Forumun məhz 44 gün davam edən Vətən müharibəsi ilə düşmən işğalına son qoyan, ərazi bütövlüyünü bərpa edən Azərbaycanda keçirilməsi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin dünyadakı qlobal böhran və problemlərlə bağlı fikirləri bir daha ölkəmizin sülhpərvər siyasət yürütdüyünün nümayişi oldu.