Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YAZTV-yə bildiriblər ki, görüşdə Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib.

Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.