Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək

Birincisi, Azərbaycanın Mədəniyyət Paytaxtında imzalanan Türkiyə və Azərbaycan arasındakı bu müqavilələrlə və Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək.
İkincisi, regionun əsas oyunçuları Rusiya və İran deyil, Azərbaycanla Türkiyə olacaq. Cənubi Qafqaz bu iki türk dövlətinin diqtəsi ilə irəliyə gedəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması daha mümkün olmayacaq.

Üçüncüsü, bu müqavilə bütün region dövlətlərinin gələcək əməkdaşlıq imkanlarını öz qanadları altına alan 3+3 formatını daha işlək mexanizmə çevirmək üçün böyük katalizator rolunu oynayacaq.

Dördüncüsü, Azərbaycan və Türkiyənin orduları bundan sonra birgə hərəkət edəcək. Dövlətlərdən birinə hər hansı bir təhlükə yaranarsa, ölkənin güc və beyin mərkəzləri, təhlükəsizlik sistemləri birgə fəaliyyət göstərəcək. Bu da o deməkdir ki, Azərbaycan Ordusu NATO standartlarına bundan sonra daha da yaxınlaşacaq və blokun əsas güclü iki ordusundan biri ilə birgə təlimlər apararaq öz döyüş qüdrətini daha da artıracaq.

Beşincisi, 1921-ci Moskva və Qars müqavilələrindən sonra Naxçıvanın təhlükəsizliyini qarant altına alan Türkiyə bu dəfə - 2021-ci ilin 15 iyununda Qarabağın və Zəngəzurun təhlükəsizliyinin təminatçısına çevrildi.

Altıncısı, Şuşa Bəyannaməsi Ermənistana və Rusiyaya, eləcə də Qərbdəki müəyyən dairələrə də bir mesajdır. Yəni, bundan sonra addım atarkən qarşınızdakının kim olduğunu mütləq nəzərə alın...

Yeddincisi, Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq.

Səkkizincisi, Azərbaycan prezidenti Türkiyə ilə starteji tərəfdaşlıq müqaviləsini 30 il səbr edərək Şuşada imzalamasının da Azərbaycanın dövlət başçısının bir siyasi düha olduğunun növbəti isbatıdır.

Doqquzuncusu, Şuşada imzalanan müqavilələr işğaldan azad olunan ərazilərin sürətli şəkildə yenidənqurulmasını və keçmiş məcburi köçkünlərin oraya qayıdışını daha da sürətləndirəcək.

Onuncusu və ən nəhayəti; Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd kimi hazırda Rusiya sülhməramlılarının nəzarətində olan və ermənilərin yaşadığı Azərbaycan ərazilərində ölkəmizin suverenliyi qısa müddətdə təmin ediləcək. Bu da o deməkdir ki, Rusiya sülhməramlıları növbəti 5 ildə Azərbaycanda olmayacaq. Hətta ilk beşillikdəki missiyasını da daha qısa müddətə başa vuraraq geri qayıdacaq. Yəni, Ermənistan ordusunun Xankəndi və Ağdərədəki qalıqları da tezliklə tərksilah ediləcək və Qarabağa 30 ildən sonra əbədi sülh qayıdacaq. Bir sözlə, 15 iyunda imzalanan Şuşa müqavilələri əsl QURTULUŞ BƏYANNAMƏSİdir!!!

Sabiq Millət Vəkili, YAP fəalı

Elçin Quliyev