Bolqarıstanın Enerji Holdinqi təbii qaz almaq üçün Azərbaycanla danışıqlar aparır

Bolqarıstanın Enerji Holdinqi təbii qaz almaq üçün Azərbaycanla danışıqlar aparır

Bolqarıstanın Enerji Holdinqi (Bulgarian Energy Holding - EAD) Azərbaycan təbii qazının tam həcmdə bu ölkəyə çatdırılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Bu barədə YAZTV EAD-ın yaydığı məlumata istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan təbii qazının Yunanıstana, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorun (İGB) onun layihə şirkəti tərəfindən elan edilən müddətdə, yəni 2022-ci ilin 1 iyul tarixinə qədər kommersiya istifadəsinə veriləcəyi gözlənilir. Bu, Azərbaycan qazının tam həcminin Bolqarıstana şərtlərə uyğun olaraq çatmasına imkan verəcək.

Məlumata görə, İGB-nin tikintisinin davam etdirilməsi səbəbindən, Azərbaycan təbii qazının Yunanıstanın Komotini çatdırılma nöqtəsinə razılaşma çərçivəsində tədarükə başladığı tarixinə, yəni 2020-ci ilin dekabrın 31-dən etibarən kommersiya istismarına verilməyib. Bunun üçün də, bu kəmərlə təbii qazın 2022-ci ilin ortalarında kommersiya əməliyyatına başlanılacağı gözlənilir.

Bildirilir ki, Yunanıstan ərazisində başqa bir çatdırılma məntəqəsinin müvəqqəti istifadəsi və təbii qazın Bolqarıstana alternativ marşrutla nəqli barədə 31.12.2020 -dən 30.09.2021-ci ilədək razılaşma əldə edilib. Artıq Azərbaycan təchizatçısı ilə 01.10.2021-30.06.2022-ci ilədək dövrü üçün tədarüklə bağlı razılığa gəlmək üçün analoji danışıqlar aparılır.

Təbii qazın mümkün həcmləri Azərbaycan tərəfi ilə müvəqqəti çatdırılma məntəqəsinə verilmə şərtləri ilə razılaşdırılıb. Qazın Bolqarıstan enerji sisteminə alternativ marşrutla nəql edildiyi bütün qaz ötürmə sistemlərinin mövcud imkanları, tətbiq olunan prosedurları və ticarət şərtləri nəzərə alınıb.

Belə ki, razılaşma Azərbaycandan tədarük ediləcək təbii qazı Bolqarıstanın əsas enerji şirkəti olan “Bulgargas” şirkətinin Yunanıstandakı Komotini çatdırılma məntəqəsində tədarük alması nəzərdə tutur. Təbii qazın Bolqarıstana çatacağı gözlənilən Trans-Adriatik Boru Kəməri (TAP) ilə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) arasındakı qovşaq nöqtəsidir. Müqavilədə Bolqarıstan tərəfinin birtərəfli qaydada çatdırılma nöqtəsini dəqiqləşdirə və ya dəyişdirə biləcəyi nəzərdə tutulmayıb. Yəni çatdırılma məntəqəsində müvəqqəti dəyişiklik etmək üçün Azərbaycan təchizatçısının razılığı tələb olunur.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.